61
Onda siz dediniz: "Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!" O dedi: "Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, orada istədiyinizi taparsınız!" Onlara zəlillik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu cəza ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və bəzi peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu həm də onların asi olduqlarına və həddi aşdıqlarına görə idi.
62
Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
63
Bir zaman sizdən əhd-peyman aldıq, dağı başınız üstünə qaldırdıq və buyurduq: "Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə Allahdan qorxasınız!"
64
Sonra bunun ardınca siz yenə üz döndərdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, ziyana uğrayanlardan olardınız.
65
Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: "Mənfur meymunlar olun!"– dedik.
66
Biz bunu onlarla bir dövrdə olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik.
67
Bir zaman Musa öz xalqına dedi: "Allah sizə bir inək kəsmənizi əmr edir!" Onlar: "Sən bizi ələ salırsan?"– dedilər. Musa: "Cahil olmaqdan Allaha sığınıram!"– dedi.
68
Onlar dedilər: "Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin!" Musa dedi: "Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə nə əmr edilirsə, onu da yerinə yetirin!"
69
Onlar dedilər: "Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!" Musa dedi: "Allah buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir. Ona baxanları sevindirir".
70
Onlar dedilər: "Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin! Çünki bu inək bizə (başqa inəklərə) bənzər görünür. Əgər Allah istəsə, biz düz yolda olarıq".
71
Musa dedi: "Allah buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir. O, sağlamdır və onda heç bir ləkə-qüsur yoxdur". Onlar: "İndi sən əsl həqiqəti bildirdin!"– dedilər və onu kəsdilər. Halbuki az qala bunu yerinə yetirməyəcəkdilər.
72
O zaman siz bir nəfəri öldürmüşdünüz və onun qatili barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar.
73
Biz dedik: "İnəyin bir parçasını ona (ölüyə) vurun!" Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız.
74
Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan yuvarlanıb yerə düşər. Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.
75
Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər.
76
Onlar möminlərlə rastlaşanda: "Biz iman gətirdik!"– deyir, bir-birləri ilə xəlvətdə qalanda isə: "Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə qarşı dəlil gətirsinlər? Məgər başa düşmürsünüz?"– deyirlər.
77
Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?
78
Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara dalar və ancaq zənnə uyarlar.
79
Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: "Bu, Allah tərəfindəndir!"– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!
80
Onlar dedilər: "Od bizə ancaq bir neçə gün toxunacaq!" De: "Məgər siz Allahdan əhd almışsınızmı? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?"